Hadi Əl-Yami Azərbaycanın rəqəmsal transformasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib
Bakı, 18 iyun, AZƏRTAC
Süni intellekt insan ünsiyyətini və həmrəyliyi gücləndirən bir vasitə olmalı, xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynamalıdır. O, cəmiyyətlərin təməlini təşkil edən insani münasibətləri əvəz etməməlidir.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Əli Əl-Yami “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.
O, fikirlərinə belə davam edib: "Azərbaycan Respublikasına hazırkı səfərim zamanı ölkənin rəqəmsal transformasiya və ədliyyə sisteminin modernləşdirilməsi sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə tanış olmaq məni sevindirdi. Burada qabaqcıl texnologiyaların və süni intellektin tətbiqi məhkəmə və hüquq sisteminin səmərəliliyini artırmaq, ədalətə çıxışı asanlaşdırmaq, prosedurları sürətləndirmək və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək məqsədinə xidmət edir.
Bu təcrübə texnoloji dəyişikliklərin vacibliyinin düzgün dərk edilməsinin nümunəsidir. Texnologiyanın insan rifahına yönəldilməsi ədliyyə və məhkəmə institutlarına inamı artırır, şəffaflıq və qanunun aliliyini möhkəmləndirir. Bu, həm də göstərir ki, rəqəmsal innovasiyalar hüquqi prinsiplərə və etik dəyərlərə söykəndikdə insan hüquqlarının müdafiəsi və ədalətin bərqərar olunması üçün güclü vasitəyə çevrilə bilər".