Musa Qasımlı: Azərbaycan təhlükəsizlik və insan hüquqları sahəsində nümunə göstərir
Bakı, 18 iyun, AZƏRTAC
Ölkəmizdə insan hüquqlarının qorunmasının qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimində Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
O qeyd edib ki, insanın ən fundamental hüququ yaşamaq hüququdur. Təəssüf ki, bu gün dünyada həyata keçirilən bəzi siyasətlər nəticəsində milyonlarla insan bu hüquqdan məhrum olub, fiziki mövcudluğunu qorumaq uğrunda mübarizə aparır. Azərbaycanda isə ölüm cəzası Ümummilli Lider Heydər Əliyevin müraciəti ilə 1998-ci ildə Milli Məclisin qəbul etdiyi qanun əsasında tamamilə ləğv edilib. Bu qərar insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlardan biri olub. Hazırda qlobal miqyasda baş verən mürəkkəb geosiyasi proseslər və təlatümlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması sahəsində sabitlik və təhlükəsizlik nümunəsi kimi çıxış edir. Ölkəmiz bu sahədə qazandığı təcrübə ilə öyrənilməyə layiq nümunə hesab olunur və insanların təhlükəsiz, sabit şəraitdə yaşaması üçün əlverişli mühit təmin edir.
Musa Qasımlı vurğulayıb ki, sürətlə dəyişən müasir dünyada texnoloji inkişaf və innovasiyalar insan həyatını asanlaşdırmaqla yanaşı, yeni çağırışlar və risklər də yaradır. Bu səbəbdən dəyişikliklərə qarşı çıxmaq deyil, onları düzgün tənzimləmək və idarə etmək mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurası mühüm rol oynayacaq.