Fransa hökuməti yüksəkvəzifəli məmurlar üçün məcburi narkotik testləri tətbiq edəcək
Paris, 18 iyun, AZƏRTAC
Fransa hökuməti dövlət idarəçiliyində narkotik vasitələrin istifadəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə nazirlər, onların kabinet üzvləri və digər yüksəkvəzifəli dövlət qulluqçuları üçün gözlənilməz və məcburi narkotik testlərinin tətbiqini nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, ölkənin Baş naziri Sebastyən Lökornü təşəbbüsü dəstəkləyib. O bildirib ki, bu məsələ ciddi xarakter daşıyır və dövlət rəhbərliyində çalışan şəxslər nümunə göstərməlidirlər. Onun sözlərinə görə, həm özü, həm də kabinet üzvləri artıq belə testlərdən keçiblər.
Göstərişə əsasən, yoxlamalar əsasən ağız suyu (tüpürcək) vasitəsilə aparılacaq. Bir sıra deputatlar təşəbbüsə müsbət yanaşaraq hesab edirlər ki, yüksək maaş alan və ictimai məsuliyyət daşıyan şəxslərin daha yüksək davranış standartlarına riayət etməsi vacibdir.
Bununla belə, təşəbbüs birmənalı qarşılanmayıb. Bəzi dövlət qulluqçuları və vətəndaşlar bu cür yoxlamaların şəxsi azadlıqlara müdaxilə edə biləcəyini bildirirlər. Digərləri isə şəffaflığın və ictimai etimadın qorunması baxımından bu tədbirləri dəstəkləyirlər.
Qeyd olunur ki, oxşar yoxlamalar artıq bəzi özəl sektor sahələrində, xüsusilə nəqliyyat sahəsində tətbiq edilir. Şirkət rəhbərləri bunu iş təhlükəsizliyinin təmin olunması üçün vacib addım hesab edirlər.
Fransada narkotik vasitələrin istifadəsi qanunvericiliyə əsasən cinayət hesab olunur və hökumət yeni tədbirlərlə dövlət idarəçiliyində nümunəvi davranışı təşviq etməyi hədəfləyir.