BMU QS Dünya Universitetləri Reytinqində 31 pillə irəliləyib
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) QS Dünya Universitetləri Reytinqində (QS World University Rankings 2027) mövqeyini daha da yaxşılaşdıraraq növbəti uğura imza atıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ötən il ilk dəfə dünya üzrə TOP 1000 universitet sırasına daxil olan ali təhsil müəssisəsi bu il daha 31 pillə irəliləyərək 851-900-cü yerlər aralığında qərarlaşıb. Son iki ildə universitet ümumilikdə 580 pillə yüksələrək fəaliyyətinin 10-cu ilinə qədəm qoyduğu dövrdə mühüm nəticə əldə edib.
QS-in yeni qiymətləndirməsində BMU bir sıra indikatorlar üzrə irəliləyiş nümayiş etdirib. Universitet işəgötürənlər arasında nüfuz göstəricisi üzrə 23 pillə yüksələrək 350-ci, tələbə-müəllim nisbəti indikatoru üzrə isə 84 pillə irəliləyərək 458-ci yerdə qərarlaşıb. Beynəlxalq müəllim heyəti göstəricisi üzrə əldə olunan nəticə xüsusilə diqqət çəkir. Bu indikator üzrə BMU 175 pillə irəliləyərək 518-ci mövqeyə yüksəlib. Həmçinin beynəlxalq tədqiqat şəbəkəsi, məşğulluq və davamlı inkişaf göstəricilərində müsbət dinamika qeydə alınıb.
Ümumilikdə Azərbaycanın 10 universitetinin yer aldığı reytinqdə BMU ölkənin ən yaxşı nəticə göstərən ali təhsil müəssisələrindən biri kimi qiymətləndirilib.
Universitet bu il digər QS reytinqlərində də ilk uğurlarını əldə edib. BMU ilk dəfə təmsil olunduğu QS Dünya Universitetlərinin Fənn Reytinqində (QS World University Rankings by Subject 2026) iki istiqamət üzrə önəmli nəticə göstərib. Belə ki, “Neft-qaz mühəndisliyi” sahəsində 151-175-ci yerlər aralığında qərarlaşan universitet “İqtisadiyyat və ekonometrika” istiqaməti üzrə isə 551-700-cü yerlər aralığında yer alıb. “Neft-qaz mühəndisliyi” üzrə BMU ölkə universitetləri arasında üçüncü mövqedədir.
BMU, həmçinin QS Avropa Universitetləri Reytinqində 96 pillə irəliləyərək ilk 400-də qərarlaşıb. Qərbi Asiya Universitetləri Reytinqində isə region üzrə 23-cü yeri tutub.
Əldə olunan nəticələr universitetdə beynəlmiləlləşmə, elmi fəaliyyət, innovasiya və sənaye əməkdaşlığı istiqamətlərində həyata keçirilən sistemli tədbirlərin beynəlxalq səviyyədə müsbət qiymətləndirilməsinin göstəricisidir. Son illərdə sənaye və özəl sektorla əməkdaşlığın genişləndirilməsi məzunların məşğulluq imkanlarının artırılmasına, beynəlxalq elmmetrik bazalara çıxışın genişləndirilməsi isə elmi məhsuldarlığın yüksəlməsinə şərait yaradıb. Müasir tədqiqat infrastrukturunun formalaşdırılması və innovativ təşəbbüslərin dəstəklənməsi universitetdə elmi mühitin inkişafına töhfə verib.
BMU-nun beynəlmiləlləşmə göstəricilərində də əhəmiyyətli irəliləyiş müşahidə olunur. Hazırda universitetdə təhsil alan əcnəbi tələbələrin sayı artıb, onların təmsil olunduğu ölkələrin sayı 40-a çatıb. Nüfuzlu xarici universitetlərlə ikili diplom proqramlarının genişləndirilməsi və 6 ixtisas üzrə beynəlxalq akkreditasiyaların əldə olunması ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edib.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq BMU-nun beynəlxalq reytinqlərdə mövqeyi yüksəlib, universitetin qlobal rəqabət qabiliyyəti daha da güclənib.