Amina Buayaş: Süni intellektin nəzarətsiz istifadəsi fundamental hüquqları təhlükə altına salır
Bakı, 18 iyun, AZƏRTAC
Bütün dünyada texnoloji innovasiyalar vətəndaşların informasiyaya çıxışını, öz hüquqlarından istifadə üsullarını, ictimai müzakirələrdə iştirakını, ünsiyyət formasını və gündəlik fəaliyyətini köklü şəkildə dəyişdirir. Bununla yanaşı, bu gün hətta aparıcı texnologiya şirkətlərinin və süni intellekt tərtibatçılarının özləri də bu texnologiyaların onların səmərəli tənzimlənməsi və insan hüquqlarının etibarlı müdafiəsi üçün zəruri olan hüquqi çərçivələrdən daha sürətlə inkişaf etməsi ilə bağlı artan narahatlıqlarını ifadə edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasiminə göndərdiyi videomüraciətdə Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaş deyib.
O qeyd edib ki, süni intellektdən məsuliyyətsiz və ya nəzarətsiz istifadə bir sıra fundamental insan hüquqlarını təhlükə altına qoya bilər. Bu risklərə dezinformasiyanın yayılması, reallıqla saxtakarlıq arasındakı sərhədi bulanıqlaşdıran “deepfake” texnologiyaları, nifrət nitqi, qadınlara, miqrantlara və digər həssas sosial qruplara qarşı alqoritmik qərəzlilik və ayrı-seçkilik, qeyri-şəffaf qərarqəbuletmə mexanizmləri, şəxsi həyatın toxunulmazlığının pozulması, eləcə də informasiya və kibertəhlükəsizliyə yönəlmiş təhdidlər daxildir.
“Belə şəraitdə insan hüquqlarının müdafiəsi və bu sahədə advokasiya fəaliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məqsəd insan hüquqlarının rəqəmsal transformasiya və yeni yaranan texnologiyaların inkişafının mərkəzində qalmasını təmin etməkdir. Bu istiqamətdə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun, akademik dairələrin və beynəlxalq təşkilatların birgə fəaliyyəti həlledici rol oynayır. Eyni zamanda, süni intellektin yaratdığı çağırışlar milli sərhədlərlə məhdudlaşmır. Buna görə də onların effektiv idarə olunması sektorlararası, regionlararası və beynəlxalq əməkdaşlığı, o cümlədən milli insan hüquqları institutlarının və digər aidiyyəti qurumların sıx koordinasiyasını tələb edir”, - deyə GANHRI sədri vurğulayıb.