Laçında işəgötürənlər və işçilər əməyin mühafizəsi barədə məlumatlandırılıblar
Bakı, 18 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən Laçın rayonunda işəgötürənlər və işçilər üçün maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə ümumilikdə 60 nəfər iştirak edib.
Maarifləndirmə tədbiri zamanı iştirakçılara "İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta" və "İş yerlərində əməyin mühafizəsi" mövzularında ətraflı məlumat verilib.
Çıxışlarda əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, işəgötürənlərin və işçilərin hüquq və vəzifələri, təhlükəsiz əmək şəraitinin təmin edilməsinin əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması istiqamətində görülməli tədbirlər, təhlükəsizlik və yanğından mühafizə qaydaları diqqətə çatdırılıb.
Bununla yanaşı, istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhatə dairəsi, sığorta təminatları və bu sahədə mövcud hüquqi mexanizmlər barədə məlumat verilib.
Görüş zamanı əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş dövlət standartlarının tətbiqinin əhəmiyyəti, bu standartların iş yerlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə töhfəsi, eləcə də sağlam və təhlükəsiz əmək şəraitinin formalaşdırılmasını təşviq edən “Vision Zero” konsepsiyasının əsas prinsipləri barədə təqdimat keçirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.