İƏT Komissiyasının direktoru: Süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz
İƏT Komissiyasının direktoru: Süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz
Bakı, 18 iyun, AZƏRTAC
Süni intellekt cəmiyyətlərimizi və iqtisadiyyatlarımızı sürətlə dəyişdirir. O, innovasiya və tərəqqi üçün misilsiz imkanlar yaradır. Lakin bununla yanaşı, şəxsi məlumatların qorunması, ayrı-seçkiliyin qarşısının alınması, ifadə azadlığının müdafiəsi və digər fundamental hüquqlarla bağlı mühüm etik, hüquqi və insan hüquqları məsələlərini də gündəmə gətirir.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Əli Əl-Yami “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.
“Bununla belə, süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz. O, inkişaf hüququnun gücləndirilməsi, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, biliklərə və ictimai xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün tarixi fürsət təqdim edir. Lakin bunun üçün bu texnologiyalar bütün xalqlar və dövlətlər üçün ədalətli və bərabər şəkildə əlçatan olmalı, rəqəmsal uçurumu dərinləşdirməməli və həssas qrupların kənarda qalmasına səbəb olmamalıdır”, - deyə Hadi Bin Əli Əl-Yami bildirib.
O qeyd edib ki, həmin çağırışların öhdəsindən yalnız hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar arasında məsuliyyətli və səmərəli əməkdaşlıq yolu ilə gəlmək mümkündür. Belə əməkdaşlıq texnoloji inkişafın insanın xidmətində qalmasını, ləyaqət, ədalət və bərabərlik dəyərlərini əks etdirməsini təmin etməlidir.