Qəbul imtahanında 400 bal toplayan abituriyent: Dərslərimə hər zaman ciddi yanaşmışam
Bakı, 18 iyun, AZƏRTAC
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentlər sırasında Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin məzunu Aişə İlqar qızı Qasımova da yer alıb. O, qəbul imtahanında 400 bal toplayaraq qrup üzrə ən yüksək nəticəyə imza atan üç abituriyentdən biridir.
Aişə Qasımova AZƏRTAC-a müsahibəsində bildirib ki, yüksək nəticənin əsasında məktəb illəri boyunca davamlı və məsuliyyətli hazırlıq dayanır. Onun sözlərinə görə, dərslərinə hər zaman ciddi yanaşıb və qarşısına qoyduğu məqsədlərə çatmaq üçün müntəzəm çalışıb.
Abituriyent qeyd edib ki, hazırlıq müddətində digər fənlərlə müqayisədə ədəbiyyat fənni ona daha çox çətinlik yaradıb. Buna baxmayaraq, həmin sahədə biliklərini artırmaq üçün əlavə səy göstərib və nəticədə uğur qazanıb.
Təhsil planları barədə fikirlərini bölüşən Aişə deyib: “Gələcəkdə özümü hüquqşünas kimi görürəm. Bu sahədə peşəkar mütəxəssis olmaq və cəmiyyətə fayda vermək əsas məqsədimdir”.
O qeyd edib ki, dövlət sifarişi əsasında təhsil almaq imkanı yarandığı halda ADA Universitetinin hüquq ixtisasında oxumaq istərdi. Hazırkı seçimləri arasında isə Bakı Dövlət Universitetinin ingilis dilində tədris olunan hüquq proqramı yer alır.
Aişə gələcək təhsilini xaricdə davam etdirmək istədiyini də bildirib. Onun fikrincə, beynəlxalq təcrübə qazanmaq və fərqli təhsil mühitlərini yaxından tanımaq peşəkar inkişaf üçün mühüm əhəmiyyət daşıyır.
Yüksək nəticə göstərən abituriyent həmyaşıdlarına da tövsiyələrini verib. O hesab edir ki, uğurun əsas şərtlərindən biri qarşıya dəqiq məqsəd qoymaqdır: “İnsan nə üçün çalışdığını bildikdə daha həvəslə və inamla irəliləyir. Buna görə də hər kəs ilk növbədə öz məqsədini müəyyənləşdirməli və ona doğru ardıcıl şəkildə addımlamalıdır”.
Qeyd edək ki, Aişə qəbul imtahanının birinci mərhələsində 285.9 bal toplayıb.
Müxbir – Nərmin Murad