III ixtisas qrupunda ən yüksək nəticəni göstərən Zeynəb Quliyeva: Hüquqşünas olmağı planlaşdırıram
Bakı, 18 iyun, AZƏRTAC
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentlərdən biri Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunu Zeynəb Ələddin qızı Quliyeva olub. O, qəbul imtahanında 400 bal toplayaraq qrup üzrə ən yüksək nəticəyə imza atan üç abituriyent sırasında yer alıb. Onun ümumi nəticəsi 687.7 baldır.
Zeynəb Quliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, bu uğur uzunmüddətli və məqsədyönlü hazırlığın nəticəsidir. Onun sözlərinə görə, qəbul imtahanlarına hazırlığa IX sinifdən başlayıb və qarşısına qoyduğu hədəfə çatmaq üçün ardıcıl şəkildə çalışıb. Hazırlıq prosesində onu ən çox düşündürən fənn riyaziyyat olub. Blok fənləri sırasında yer almasa da, bu fənn üzrə biliklərini daha da möhkəmləndirmək üçün xüsusi səy göstərib.
Gələcək planlarından danışan Zeynəb hüquq sahəsinə maraq göstərdiyini deyib: “Gələcəkdə özümü hüquq sahəsində görürəm. Bu istiqamətdə peşəkar mütəxəssis olmaq və cəmiyyətə fayda vermək istəyirəm”.
Xaricdə təhsil imkanlarını da nəzərdən keçirdiyini qeyd edən Zeynəb gələcəyini Azərbaycanda qurmağa üstünlük verdiyini söyləyib. “Öz vətənimdə fəaliyyət göstərmək, qazandığım bilik və bacarıqlarla ölkəmə töhfə vermək istəyirəm”, - deyə müsahibimiz əlavə edib.
Zeynəb Quliyeva hazırlıq dövründə dərslərlə yanaşı, şəxsi maraqlarına da vaxt ayırmağa çalışdığını bildirib. Abituriyent qeyd edib ki, asudə vaxtlarında hobbi ilə məşğul olmaq, ailəsi və yaxınları ilə vaxt keçirmək ona əlavə motivasiya verib.
Müsahibimizin məktəb illərində əldə etdiyi uğurlar da diqqət çəkir. O, dörd il ardıcıl olaraq respublika fənn olimpiadalarında iştirak edib. Üç dəfə final mərhələsinə vəsiqə qazansa da, medal əldə edə bilməyib. Bununla belə, həmin təcrübənin onun bilik və bacarıqlarının formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Müxbir - Nərmin Murad