Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı rəsm sərgisi təşkil olunmuşdur
Ankara, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada Rəsm və Heykəl Muzeyində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı rəsm sərgisi təşkil etmişdir.
Azərbaycanın görkəmli rəssamlarının 20 Yanvar faciəsini əks etdirən tablolarının nümayiş etdirildiyi sərginin açılış mərasimində ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov demişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri günahsız dinc insanları amansızcasına qətlə yetirmişdir. Bu qətliam sadəcə Azərbaycan xalqına qarşı deyil, bütün türk dünyasına qarşı törədilmiş cinayətdir. Daha sonra, sovet ordusunun köməyi ilə ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, 1 milyon vətəndaşımız öz yurd-yuvalarından didərgin salınmışdır.
Canlarını Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. Onların qanı yerdə qalmayacaqdır.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar 20 Yanvar qətliamında şəhid olanların xatirəsinin Türkiyədə də ehtiramla anıldığını bildirmiş, “bir millət, iki dövlət” kəlamının hər zaman yaşadılmasının zəruriliyini vurğulamışdır. “Birimizin ayağına batan tikanı digərimiz də hiss etməlidir”, - deyən millət vəkili Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı siyasətini pisləmişdir. N.Ünüvar demişdir ki, olmayan “soyqırımı”nı təbliğ edənlər Xocalı və Bakıda yaşanan qətliamlara isə göz yumurlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara