ANKARADA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Respublikamızın səfiri Məmməd Əliyev, qardaş ölkənin millət vəkilləri Dursun Ağdəmir, Haluk İpək, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti sədrinin müavini Ege Hastal, Türkiyə Sənətçilər və Yazıçılar Vəqfinin sədri, şair Yəhya Akəngin, iş adamı Fərhad Salamoğlu, azərbaycanlı tələbələr Vüqar Əliyev, Ülkər Quliyeva və kursant Nicat Məmmədov mərasimdə çıxış edərək erməni cəlladları və onların himayədarlarının Azərbaycan ərazisində mülki əhaliyə qarşı törətdikləri vəhşiliklərdən danışdılar. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini, beynəlxalq birliyin buna hələ də göz yumduğunu xatırladan natıqlər, eyni zamanda, Azərbaycan rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində özlərini erməni daşnaklarının bəd əməllərinin getdikcə daha çox ifşa olunduğunu, ölkəmizin haqq işinin dünya ictimaiyyəti tərəfindən müdafiə edilməsi baxımından müsbət dəyişikliklər olduğunu vurğuladılar. Türkiyə rəhbərliyinin, bütün siyasi partiyaların, ictimai təşkilatların və sadə xalqın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirdilər.
Sonra Xocalı faciəsi haqqında sənədli film göstərildi. Ankarada təhsil alan kursantlarımız Xocalı soyqırımına ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
Səfirliyin foyesində erməni millətçilərinin törətdikləri cinayətləri əks etdirən fotosərgi təşkil olunmuşdur.