Antiterror əməliyyatlarının ikinci ildönümünə həsr olunan tədbir keçirilib
Bakı, 5 sentyabr, AZƏRTAC
Nizami Kino Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarının ikinci ildönümünə həsr olunan “Haqqın Zəfəri” adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihə çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət olan nümayəndə heyəti, Azərbaycandan olan şəhid ailələri, dövlət və ictimaiyyət nümayəndələri, həmçinin media subyektlərinin təmsilçiləri iştirak ediblər.
Tədbir Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun ifasında Azərbaycanın Dövlət Himninin və Türkiyənin “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihə barədə məlumat verərək, onun həm şəhid ailələrinin birliyi, həm də Türk dünyasının mənəvi həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş çıxış edərək Azərbaycandan olan şəhid ailələri ilə birgə əməkdaşlığın əhəmiyyətindən danışıb, gələcəkdə bu sahədə birgə layihələrin davam etdiriləcəyini bildirib.
Vətən müharibəsi şəhidi Famil Həsənov və antiterror əməliyyatları şəhidi Şamil Həsənovun anası Aybəniz Həsənova, antiterror əməliyyatları şəhidi, polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova və Türkiyə Silahlı Qüvvələri şəhidi Eril Alperen Emirin anası Halide Serap Emir çıxış edərək qəhrəman şəhidlərin fədakarlığının xalqımız üçün qürur mənbəyi olduğunu, onların əziz xatirəsinin heç vaxt unudulmayacağını və Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının həmin qəhrəmanlıq nümunələri ilə daha da möhkəmləndiyini diqqətə çatdırıblar.
Tədbir Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Nicat Kazımov və Qoçaq Əsgərov, həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bənövşə” Uşaq Xoru, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor və şəhid övladlarından ibarət “Qəhrəman övladları” xor qrupunun ifalarından ibarət bədii hissə ilə davam edib.
Qeyd edək ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibidir.