Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır
Bakı, 29 mart, AZƏRTAC
Tariximizin qəhrəmanlıq səhifəsi olan aprel döyüşlərindən bir il ötür. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel döyüşlərinə çox yüksək dəyər verib. Dövlətimizin başçısı aprel döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu qeyd edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib.
Elman Nəsirov deyib ki, bu döyüşlər əslində Ermənistan dövlətini, cəmiyyətini sarsıtdı. Cinayətkar Sarkisyan rejiminin girovuna çevrilmiş erməni xalqı aprel döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Aprel döyüşləri Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı yaranmış mifin əslində sabun köpüyündən başqa bir şey olmadığını sübut etdi. Bu döyüşlər bir daha təsdiq etdi ki, Azərbaycan Ordusu, sözün həqiqi mənasında, bütün dünyada ən güclü ordular sırasındadır. Azərbaycan Ordusunun vətənpərvərlik ruhu çox güclüdür. Bu gün Azərbaycan əsgəri nə üçün döyüşdüyünün fərqindədir. O, öz Vətəni, işğal altındakı torpaqlarının azad olunması uğrunda döyüşür. Amma erməni əsgərində bu ruh yoxdur. Erməni əsgəri çox gözəl dərk edir ki, ona qətiyyən aidiyyəti olmayan bir torpaqda çox mənasız ölümə göndərilir. O, öz hakimiyyətini qoruyub saxlamaq istəyən Sarkisyan rejiminin əlində bir alətə çevrildiyinin fərqindədir. Aprel döyüşləri bütün bunların hamısını tam çılpaqlığı ilə üzə çıxardı.
Milli Məclisin deputatı qeyd edib ki, bu gün Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqeyi ona baha başa gəlir. Ermənistan dövləti iqtisadi fəlakət səviyyəsinə gəlib çatıb. Bu ölkənin əhalisi yoxsulluqdan ciddi əziyyət çəkir. Ona görə də bu gün Ermənistandan çox böyük miqrant axını başlanıb. Əhali kütləvi şəkildə ölkədən qaçır. Erməni ziyalıları bunu “ağ genosid” adlandırırlar. Ermənistan özünü tam təcrid vəziyyətinə salıb.
Elman Nəsirov deyib: “Aprel döyüşlərinin ən böyük dərslərindən biri o oldu ki, bu münaqişənin dondurulmuş münaqişə olmadığı bir daha özünü göstərdi. Kimlər hesab edirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, bu, kökündən səhvdir. Bir daha təsdiq olundu ki, mövcud status-kvo qəbuledilməzdir. Ona görə də nə qədər gec deyil Ermənistan situasiyaya düzgün qiymət verməlidir və fərqində olmalıdır ki, hadisələrin gedişatı onu daha da uçuruma aparır. Azərbaycan dövləti hər gün daha da güclənir. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyi var: münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, dəyişməz mövqedir”.