Apteklərdə bioloji fəallığa malik qida əlavələri necə saxlanmalıdır?
Bakı, 20 iyun, AZƏRTAC
Aptek təşkilatlarında bioloji fəallığa malik qida əlavələri onlar üçün ayrılmış rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin iyunun 20-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik olunması haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə görə, həmin rəf və dolabların ön tərəfinin yuxarı orta hissəsində rəfin və dolabın eninin 60 faizindən az olmayan hissəsini əhatə edən və ən azı “Arial 75” şriftində olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə birinci sətirdə “BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏLƏRİ” sözləri və onun altında “DƏRMAN VASİTƏSİ DEYİLDİR” sözləri yazılmalıdır.
Sənədə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir. Bu zaman reklamda bioloji fəallığa malik qida əlavəsinin adı səsləndirildikdən dərhal sonra onun dərman vasitəsi olmadığı deyilməli, həmçinin bioloji fəallığa malik qida əlavəsinin əmtəə nişanı adı ilə eyni fonda, ölçüdə və şriftdə olan aydın, seçilən “DƏRMAN VASİTƏSİ DEYİLDİR” sözləri görünməlidir. Bioloji fəallığa malik qida əlavəsinin və dövlət qeydiyyatına alınmış dərman vasitəsinin adlarında ən azı 4 (dörd) hərf fərqi olmalıdır. Bioloji fəallığa malik qida əlavəsinin tərkibində olmayan maddə onun adında istifadə edilə bilməz.