AQSİA-nın nümayəndə heyəti Həştərxanda beynəlxalq forumda iştirak edib
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyəti Rusiyanın Həştərxan şəhərində keçirilən “Yerli layihələrin realizasiyasında qadınların sosial təşəbbüskarlığı” adlı beynəlxalq forumda iştirak edib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində Həştərxan şəhərində yerləşən tekstil fabrikində rəsmi görüş təşkil olunub. Görüşdə fabrikin icraçı direktoru Valentina Perepeçkina “Bakı Tekstil Fabriki”nin təsisçisi Səkinə Babayevaya fabrikin yaranması haqqında və gördükləri işlər barədə məlumat verib.
Səfər çərçivəsində “Bakı Tekstil Fabriki”nin təsisçisi Səkinə Babayeva Həştərxanın Asyraxan +24 televiziya kanalına müsahibə verib. Görüşdə AQSİA Regionlarla İşin Təşkili Komissiyasının sədri Kəmalə Məmmədli, Opora Rossiyanın Həştərxan üzrə sədri Natalya Batayeva, Rusiya İqtisadi İnkişaf Nazirliyinin Həştərxan üzrə nümayəndəsi Leysan Krasovskaya və AMOR təşkilatının Həştərxan üzrə rəsmi nümayəndəsi Elvin Hüseynov da iştirak ediblər.
Sonra AQSİA nümayəndə heyəti Moy Biznesin Həştərxan Ofisinin direktoru İrina Nazarova ilə görüşüb. Səfər zamanı AQSİA heyəti Həştərxanın dahi rəssamı və heykəltaraşı Boris Kustodiyevin ev-muzeyini ziyarət ediblər, rəssamın həyat və yaradıcılığı ilə tanış olublar.