AQTA: Qubada “Sərin” kafesində normativ tələblər pozulub
Bakı, 4 sentyabr, AZƏRTAC
Quba şəhəri, 29-cu məhəllədə fəaliyyət göstərən, Cavanşir Ruzman oğlu Diyarova məxsus “Sərin” kafesində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı kafenin mətbəxində tavan və divar səthlərinin təmirsiz olduğu və kifləndiyi, havalandırma sisteminin işləmədiyi, qida ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, kababxana sahəsinin açıq şəraitdə qurulduğu və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub, sahibkar barəsində inzibati protokol tərtib edilib.