Aralıq dənizi bölgəsində həlak olmuş miqrantların sayı artıb
Budapeşt, 13 aprel, AZƏRTAC
Bu ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd göstərən miqrantlardan 441 nəfəri həlak olub.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı açıqlayıb. 2017-ci ildən bəri bu göstərici kəskin şəkildə artmaqdadır. Belə ki, əvvəlki illərin birinci rübündə miqrantlar arasında ölüm hallarının sayı bu qədər çox olmayıb. Məsələn, ötən ilin birinci rübündə 334 miqrantın ölməsi qeydə alınıb. Bu il sahilə salamat çatmış miqrantların sayı isə 31.192 nəfər olub.
Beynəlxalq Miqrasiya Təşkilatı həlak olmuş miqrantların sayının artmasını dövlətlər tərəfindən aparılan xilasetmə əməliyyatlarında ləngimələr və qeyri-hökumət təşkilatları tərəfindən idarə edilən xilasetmə gəmilərinin yolundakı maneələrlə izah edib. Təşkilatın məlumatına görə, hökumətlərin rəhbərliyi ilə həyata keçirilən 6 xilasetmə əməliyyatında ləngimələr 2023-cü ilin ilk 3 ayı ərzində azı 127 nəfərin həlak olması ilə nəticələnib. Bir halda azı 73 miqrant SOS siqnalına ümumiyyətlə heç kəsin reaksiya verməməsi səbəbindən həlak olub.
Beynəlxalq Miqrasiya Təşkilatı Mərkəzi Aralıq dənizi bölgəsində davam edən humanitar böhranı dözülməz hal kimi qiymətləndirib. 2014-cü ildən bəri bu marşrutda 20 mindən çox insan həlak olub. Beynəlxalq Miqrasiya Təşkilatında hesab edirlər ki, axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi təkmilləşdirilməlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt