“Araz-Naxçıvan”ın futzalçısı: Şimali İrlandiya klubu qarşısında şansımız yüksəkdir
Bakı, 21 avqust, AZƏRTAC
“Qarşımıza konkret məqsəd qoymuşuq. Daha da irəli getmək, Azərbaycanı qitənin bir nömrəli klub turnirində ən yaxşı şəkildə təmsil etmək istəyirik. Əlimizdən gələni etməliyik ki, qarşılaşmanın sonunda sevinən tərəf biz olaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA Çempionlar Liqasında bu gün mübarizəyə başlayacaq “Araz-Naxçıvan”ın futzalçısı Amadeu Fernandes Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə keçirəcəkləri ilk görüş barədə danışarkən deyib.
34 yaşlı braziliyalı müdafiəçi komandasının Şimal İrlandiya təmsilçisi qarşısında şanslarını dəyərləndirib: “Rəqib haqqında müəyyən qədər informasiya toplamışıq. Zəif komanda olduğunu deyə bilmərəm. İlk oyunlar hər zaman çətin olur. Buna baxmayaraq, şansımız çox yüksəkdir. Bugünkü matçın favoriti bizik. Amma bu, turnirdəki ilk matçımız olduğundan olduqca diqqətli və məsuliyyətli davranmalıyıq. Yaxşı kollektivimiz var. Oyunçuların hər birinə güvənirəm. Ortaya yaxşı iş qoymaq üçün var gücümüzlə çalışacağıq”.
Qeyd edək ki, İsveçdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 22-də Estoniya çempionu “Sillamae Silla”, ayın 24-də isə İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.