ARDNŞ 140 müəssisəsində SAP proqramını tətbiq etmişdir
Bakı, 7 may (AZƏRTAC). Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” icrası istiqamətində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) həyata keçirdiyi tədbirlər planına uyğun olaraq, SAP şirkətinin proqramları tətbiq edilməkdədir.
ARDNŞ və SAP şirkətinin birgə yaydığı press-relizdə bildirilir ki, 2012-ci ilədək olan dövrü əhatə edən birgə layihənin birinci mərhələsinə yekun vurulur və bu istiqamətdə əldə olunan uğurlar yüksək qiymətləndirilir. Korporativ proqram təminatı bazarında lider şirkətlərdən olan SAP-ın MDB məkanındakı bütün tərəfdaşlarına göndərilmiş “SOCAR 140 müəssisəsində SAP proqramını tətbiq etmişdir” sərlövhəli bu sənəddə deyilir ki, insan resurslarının idarə edilməsi, maliyyə-uçot əməliyyatlarının həyata keçirilməsi, təchizatın və satışın avtomatlaşdırılması, eləcə də risklərin idarə olunması üzrə SAP proqramları ARDNŞ-də uğurla tətbiq olunmuş və səmərəli nəticələr vermişdir. Hazırda ARDNŞ yüksək inkişaf və dəyişikliklər mərhələsindədir. Şirkət Azərbaycan iqtisadiyyatında böyük paya malikdir, buna görə də proqramların tətbiqi ölkə miqyasında əhəmiyyətlidir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2010-cu ildə “SAP-ın proqram təminatının iri şirkətlərdə tətbiqi” kateqoriyasında MDB ölkələri üzrə ən yüksək keyfiyyət və effektivlik səviyyəsi nümayiş etdirən ARDNŞ SAP Quality Award müsabiqəsində qalib elan olunmuş və əsas mükafata (Qold Winner) layiq görülmüşdür. Bu mükafat SAP-ın tətbiq etdiyi ən məhsuldar və keyfiyyətli modulların gerçəkləşməsində əldə olunmuş mühüm nailiyyətlərə görə təqdim olunur.
ARDNŞ gələcəkdə də SAP bazasında inkişaf proqramlarının həyata keçirilməsini davam etdirməyi planlaşdırır.