ARDNŞ-in idarə və müəssisələrində 20 Yanvar faciəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan xalqının azadlıq mübarizəsinin təcəssümü olan 20 Yanvar - Ümumxalq Hüzn Gününün 22-ci ildönümü ilə əlaqədar ARDNŞ-in idarə və müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 19-da “Azneft” İstehsalat Birliyinin (İB) idarəetmə aparatında 1990-cı ilin yanvar hadisələrinə həsr edilmiş anma tədbiri təşkil olunmuşdur. İB-nin baş direktoru Daşqın İsgəndərov 20 Yanvar şəhidlərinin şücaətindən söz açaraq onların xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirmişdir.
ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində keçirilmiş tədbirdə əvvəlcə Vətən uğrunda həlak olan qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra idarənin rəisi Fuad Süleymanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr barədə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın birlik və bütövlüyünü qorumaq uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən daim əziz tutulmuş, qanlı hadisələrə ilk dəfə hüquqi-siyasi qiyməti də məhz ulu öndər vermişdir. Tədbirin sonunda qanlı 20 Yanvar hadisələrini əks etdirən videofilm nümayiş etdirilmişdir.
“Azərikimya” İB-də 20 Yanvar şəhidlərinə həsr olunmuş anma tədbiri 11 nömrəli orta məktəb xorunun ifasında Şəhriyarın mübarizəyə, qələbəyə səsləyən “Azərbaycan” şeirinə bəstələnmiş mahnı ilə başlanmışdır. Tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev 20 Yanvar hadisələri zamanı Azərbaycanın oğul və qızlarının Vətən sevgisindən, ölümdən belə çəkinmədən hamılıqla sovet imperiyasına qarşı azadlıq uğrunda mübarizəyə qalxmasından söhbət açmışdır. O, çətin və ağır günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Bakıda baş vermiş hadisələri bütün dünyaya bəyan etməsini və törədilmiş qanlı cinayətlərə görə böyük bir imperiyaya qarşı cəsarətlə ittihamlar irəli sürməsini, hər bir zaman doğma xalqımızla həmrəylik nümayiş etdirməsini, bütün varlığı ilə daim Azərbaycan ilə birgə olmasını diqqətə çatdırmışdır. İştirakçılar 20 Yanvarı xalqımızın oyanış və istiqlaliyyət günü, gələcək qələbələrə aparan tarixi bir gün kimi dəyərləndirmişlər.
Yanvarın 19-da İB-nin etilen-polietilen, səthi aktiv maddələr və üzvi sintez zavodlarında da 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilmişdir.