Arterial təzyiqin ölçülməsi yüksək diqqət tələb edir
Bakı, 15 aprel, AZƏRTAC
Tonometr az qala hər evdə olan təzyiqölçən cihazdır. Həmin aparatdan istifadə edilməsi qaydasını öyrənmək isə o qədər də çətin deyil. Apteklərin əksəriyyətində satışda həm mexaniki, həm də elektron tonometrlər olur. Tonometrlərin həm forması, həm də qiyməti fərqli olduğundan onların hansının keyfiyyətli olması barədə bəzən istehlakçılar arasında tərəddüdlər olur. Onlar daha çox elektron, yoxsa mexaniki tonometr arasında seçim etmək istəyirlər. Həmin tonometrlərin hansının təzyiqi dəqiq ölçməsi və ya ev şəraitində hansının istifadəsinin məqsədəuyğun olduğunu müəyyən edə bilmirik.
AZƏRTAC xəbər verir ki, həkim-kardioloq Günay Məmmədova bununla əlaqədar deyib: “Civəli tonometrlərdən həkimlər daha çox xəstələrin çox olduğu yerlərdə istifadə edirlər. Ev şəraitində təzyiqin ölçülməsi üçün elektron tonometrlər daha əlverişlidir, lakin mexaniki tonometrlər daha dəqiq məlumat verir. Təzyiqi ölçməzdən 15 dəqiqə əvvəl çay içmək, siqaret çəkmək olmaz. Təzyiq iki dəfə ölçülməlidir. Bir dəfə ölçülən təzyiqlə digərinin arasındakı fərq 7 dəqiqədən artıq olmalıdır”.
Nəticənin dəqiq olmasında təzyiqi ölçən şəxs də böyük məsuliyyət daşıyır. Təzyiqi paltarın üstündən ölçmək olmaz. Mexaniki tonometrdən istifadə edilirsə, manjet düzgün şəkildə yerləşdirilməli və xəstə rahat vəziyyətdə olmalıdır. Təzyiqin ölçülməsi zamanı isə maksimum diqqət tələb olunur.