“Arts Council Azerbaijan” növbəti plener keçirib
Bakı, 12 iyun, AZƏRTAC
“Arts Council Azerbaijan”ın Mərdəkan qəsəbəsində yerləşən iqamətgahında “Açıq səma altında” layihəsi çərçivəsində iyun plener sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, ənənəyə uyğun olaraq, səhər saatlarında aralarında həm gənc rəssamların, həm də yaşlı nəslin ustalarının olduğu plener iştirakçıları açıq havada çalışıblar. Plenerdə rəssamlar Dadaş Məmmədov, Mələk Abbaszadə, Ləman Hacıyeva, Hüseyn Kəngərli, Samirə Faizova, Ruslan Rüstəmov, Aliyə Əsədullayeva və Nailə Məhərrəmova iştirak ediblər.
Layihə rəhbəri Dadaş Məmmədov qeyd edib ki, artıq bu plenerlər interaktiv yaradıcılıq tədbiri kimi dövrilik formatı və özünü təkmilləşdirmə, sərbəst təcrübə mübadiləsi üçün mühüm platforma statusu qazanır.
O əlavə edib: “Plener tədbirlərinin məqsədi rəssamlara qeyri-rəsmi şəraitdə birlikdə rəsm əsərləri yaratmaq, təcrübə və enerji mübadiləsi aparmaq, təmiz havada sənət əsərlərini ərsəyə gətirmək imkanı verməkdir. Bu sessiyalar, həmçinin rəssamlar arasında daimi ünsiyyətə təkan verir, onların inkişafını stimullaşdırır, yaradıcılıqlarını təşviq edir”.