ASAN könüllüləri “Sevil” tamaşasını səhnələşdiriblər








Bakı, 20 may, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə Cəfər Cabbarlının əsəri əsasında hazırlanan "Sevil" tamaşası səhnələşdirilib.
Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "ASAN Könüllüləri" Təşkilatının sədri Anar Musayev, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 16 ASAN könüllüsünün hazırladığı "Sevil" tamaşası "V ASAN Teatr Festivalı" çərçivəsində ilk dəfə səhnələşdirilib və qadın azadlığı, ailə dəyərləri və cəmiyyətin dəyişən rolları kimi mövzuları əhatə edib. Məqsəd Azərbaycan ədəbiyyatının klassik nümunələrindən biri olan həmin əsərin müasir teatrda yenidən səhnələşdirilməsidir.
500-dən çox tamaşaçının iştirakı ilə baş tutan tamaşanın yekununda könüllülər təltif ediliblər.
“Mədəniyyət carçısı” proqramı çərçivəsində bu günədək 100-dən çox səhnə əsəri nümayiş etdirilib, 600-dən artıq ustad dərsi vasitəsilə gənclərin yaradıcılıq potensialının inkişafına mühüm töhfə verilib.