Aşıq İmran Həsənovun 85 illik yubileyi qeyd edilmişdir
Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə (AAB) Əməkdar Mədəniyyət İşçisi, klassik aşıq yaradıcılığının mahir bilicisi, ustad aşıq İmran Həsənovun anadan olmasının 85 illik yubileyi qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, görkəmli ədəbiyyat və elm adamları, İmran Həsənovun sənət dostları və yetirmələrinin iştirak etdikləri tədbirdə AAB-nin sədri, Xalq Şairi Zəlimxan Yaqub ustad aşığın həyat və yaradıcılığından söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşdür.
Bildirilmişdir ki, Aşıq İmran Həsənov 1932-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində anadan olmuşdur. O, gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, Aşıq Əsəd və Mirzədən də bəhrələnmişdir.
Zil tembrli səsə malik olduğuna görə ona sağlığında “Koroğlu aşığı” demişlər.
Tədbirdə AAB-nin sədr müavini, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı çıxış edərək aşıq İmran Həsənovun bənzərsiz sənət dünyasından söz açmışdır.
Bildirilmişdir ki, Aşıq İmran 7 aşıq havasının yaradıcısı, 2 şerlər kitabının müəllifi, 12 aşığa ustadlıq etmiş, uzun illər yaşayıb-yaratdığı Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri olmuşdur.
Aşıq İmran həmçinin bir sıra ümumrespublika və beynəlxalq müsabiqələrin qalibi olmuş, birinci dərəcəli diplom və qızıl medala layiq görülmüşdür.
Vurğulanmışdır ki, 1999-cu ildə dekabrın 15-də dünyasını dəyişən Aşıq İmran Həsənovun işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.
Tədbir çərçivəsində aşığın yubileyi ərəfəsində nəşr olunmuş “Sənətimin sultanıyam” adlı şeirlər kitabının da təqdimat keçirilmişdir.
Gecədə aşıq İmran Həsənovun lent yazıları, videogörüntüləri nümayiş olunmuş, tanınmış və gənc aşıqların ifasında onun bəstələdiyi aşıq havaları və şeirlər səsləndirilmişdir.