AŞPA-nın komitə iclasında Azərbaycandakı tolerantlıqdan danışılıb
Paris, 27 may, AZƏRTAC
Azərbaycana gələn yəhudilər burada sinaqoqların xüsusi mühafizə olunmadığını görüb təəccüblənirlər. Çünki onlar dünyanın digər ölkələrində sinaqoqların xüsusi mühafizə olunduğunu görürlər. Bu, ölkəmizdə olan tolerantlığı göstərir. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda bütün insanlar mehriban ailə kimi yaşayırlar.
Bu fikirləri Parisdə AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında qurumdakı nümayəndə heyətimizin üzvü Ülviyyə Ağayeva bildirib.
Deputat deyib ki, ölkəmizdə bütün xalqların nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar. Dindarların sərbəst şəkildə ibadət etmələri üçün dövlət hər cür şərait yaradıb. Müxtəlif xalqların nümayəndələri Azərbaycanda dinc yanaşı yaşayır və öz dini ayinlərini sərbəst icra edirlər. Ölkəmizdəki bütün dinlərə məxsus tarixi abidələr qorunub saxlanılır. Bundan əlavə, Azərbaycan dünyada xristian abidələrinin də qorunub saxlanılmasına böyük diqqət göstərir. Romada olan və bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyan müqəddəs katakombalar ölkəmizin dəstəyi ilə bərpa edilib. Azərbaycandakı mövcud tolerantlıq modeli bütün ölkələrə nümunədir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris