AŞPA-NIN MƏRUZƏÇİSİ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı səmimi salamlayan xarici işlər naziri Vilayət Quliyev demişdir ki, cənab Terri Devisin regiona ötən səfərindən bəri bölgədə bir çox dəyişikliklər baş versə də, təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş olmamışdır. Bunun isə başlıca səbəbi Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində süni maneələr yaratmasıdır.
Cənab Devisin bölgəyə səfərinin Xocalı soyqırımının ildönümünə təsadüf etdiyini xatırladan nazir, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının Ermənistanın dövlət siyasətinə çevrildiyini qonağın diqqətinə çatdırmışdır. Xarici siyasət idarəsinin başçısı problemi doğuran səbəblər, onun həlli istiqamətində görülən işlər haqqında obyektiv fikrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə hazırlanacaq məruzədə öz əksini tapmasının vacib olduğunu bildirmişdir.
Azərbaycanın münaqişənin dinc yolla, ədalətli həllinə tərəfdar olduğunu qonağın diqqətinə çatdıran nazir, hətta atəşkəs dövründə belə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərə beynəlxalq ictimaiyyətin göz yumduğunu, bundan ilhamlanan Ermənistanın münaqişənin həlli istiqamətində süni əngəl yaratmağa çalışdıqlarını xüsusi vurğulamışdır.
Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Terri Devis regiona səfərindən məmnun qaldığını qeyd edərək, keçirdiyi çoxsaylı görüşlər zamanı topladığı faktlardan hazırlayacağı məruzədə istifadə edərkən obyektiv olacağına çalışacağını nazirin diqqətinə çatdırmışdır. Məruzə hazır olana qədər sıx əməkdaşlığın davam etdirilməsini vacib sayan Terri Devis, zərurət yaranarsa Xarici İşlər Nazirliyinə müraciət edəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.