AŞPA SİYASİ İŞLƏR KOMİTƏSİNİN MƏRUZƏÇİSİ TERRİ DEVİS BAKIYA GƏLMİŞDİR
T.Devis bildirdi ki, Cənubi Qafqaz regionuna səfəri zamanı topladığı faktların hərtərəfli və obyektiv işıqlandırılması üçün əlindən gələni edəcəkdir.
Cənubi Qafqaz regionuna səfərindən məqsədi Ermənistanda və ya Azərbaycanda keçirilmiş seçkilərin yekunlarını müzakirə etmək olmadığını vurğulayan AŞPA nümayəndəsi qeyd etdi ki, Azərbaycan rəhbərliyi ilə görüşləri zamanı bu mövzu ilə bağlı məsələlərə toxunmayacaqdır.
Bu il fevralın 19-da Budapeştdə baş vermiş hadisədən danışan T.Devis erməni hərbçisinin qətlini “faciəli fakt” adlandırmışdır. Onun fikrincə, “Ramil Səfərov yalnız qətl faktı ilə bağlı həbs edilmişdir və onun təqsirli olduğunu yalnız məhkəmə sübut edə bilər. Məhkəmənin son hökmü elan edilənədək Azərbaycan hərbçisinə qarşı ittihamlar irəli sürmək tezdir”. AŞPA məruzəçisi demişdir ki, Budapeşt hadisəsi münaqişə nizama salınmadığından vəziyyətin gərgin olduğuna bir daha dəlalət edir və dünya birliyinin onun həlli istiqamətində səylərini beynəlxalq hüquq prinsipləri əsasında fəallaşdırmasının vacibliyini təsdiqləyir.
T.Devis Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin minalandığını xatırladaraq vurğuladı ki, Bakıya Dağlıq Qarabağ ərazisindən deyil, yalnız Yerevana səfərindən sonra gəlmək qərarını başçılıq etdiyi qrupun üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qəbul etmişdir. Onun sözlərinə görə, pis hava şəraiti vertolyotdan istifadə etməyə imkan verməmişdir, bu isə qəti qərar qəbul etmək üçün əsas olmuşdur.
Binə hava limanında Terri Devisi Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü, Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qarşılamışdır.