Astanada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Astana, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanada 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirmişdir.
Tədbirdə səfirliyin əməkdaşları, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının təmsilçiləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinin başvermə səbəbləri haqqında danışmışdır. Bildirmişdir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və 20 Yanvar faciəsi mərdlik, mübarizlik rəmzi kimi yaddaşlarda qalacaqdır.
Diplomat demişdir ki, sovet ordusu bir gecənin içində Bakıda kütləvi qırğınlar törətsə də, xalqımızın iradəsini və milli azadlıq əzmini sındıra bilmədi və məhz 20 Yanvar şəhidləri indiki müstəqilliyimizin ilk qurbanlarıdır.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları, onların Azərbaycanda məskunlaşması tarixi haqqında məlumat vermişdir. Diplomat 1989-cu ildə Almatıda törədilən 16 dekabr hadisələri ilə 20 Yanvar faciəsi arasında oxşarlıq olduğunu diqqətə çatdırmışdır.
Z.Həşimov demişdir ki, o günlərdə Moskvada yaşayan dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, imperiya ordusunun bu qanlı qırğınını pisləmiş, faciənin məsuliyyətini keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun üzərinə qoymuşdur. Məhz ulu öndərin Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra - 1994-cü il martın 29-da bu qanlı qırğınlara siyasi - hüquqi qiymət verilmişdir.
Assosiasiyasının, eləcə də Azərbaycan diasporunun üzvləri öz çıxışlarında 20 Yanvar qırğınını törədənləri lənətləmiş və bu hadisələri Azərbaycan xalqının milli azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndirmişlər.
Tədbirdə qanlı Yanvar hadisələrindən bəhs edən videofilm nümayiş etdirilmiş, səfirlik tərəfindən hazırlanmış məlumatlar toplusu iştirakçılara paylanmışdır.
Faciə ilə əlaqədar məlumatlar toplusu, həmçinin Qazaxıstan Xarici İşlər Nazirliyinə, bütün diplomatik nümayəndəliklərə və KİV-lərə də göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana