Astanada Xocalı soyqırımının ildönümü ilə əlaqədar konfrans keçirilmişdir
Astana 23 fevral (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı (AMMİ) ilə birgə Texnologiya və Biznes Universitetində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı konfrans keçirmişdir.
Mərasimdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, Qazaxıstanın tanınmış ziyalıları, universitetin professor-müəllim və tələbə heyəti Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Xocalı faciəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMMİ-nin sədri Vidadi Salahov tədbiri açaraq Xocalı faciəsi haqqında ətraflı məlumat vermiş, qaniçən ermənilərin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Xocalıda görünməmiş vəhşiliklər törədildiyini bildirmişdir.
V.Salahov bu faciəni Xatın və Sonqmi soyqırımları ilə müqayisə etmişdir.
Universitetin rektoru, professor Seyidkasım Baybenov bildirmişdir ki, Xocalı faciəsi ötən əsrin ən böyük və qanlı soyqırımlarından biridir. Rektor müasir dövrdə insanlığa qarşı yönəlmiş belə hadisələrin yolverilməz olduğunu diqqətə çatdırmışdır.
Müvəqqəti işlər vəkili Nizami Rüstəmov Xocalı faciəsinin yaranma səbəbləri haqqında danışaraq bildirmişdir ki, erməni faşistləri və onların havadarlarının Xocalıda törətdikləri soyqırım XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüşdür. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ildə Xocalı faciəsinə siyasi qiymət verilmişdir.
Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının sədri Asxat Şakirov demişdir ki, Azərbaycan ərazilərinin 20 faizi erməni qəsbkarları tərəfindən zəbt olunmuşdur. Azərbaycan torpaqlarının işğal edildiyi və torpaqların qeyd-şərtsiz geri qaytarılması haqqında BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsə də, Ermənistan hələ də bu sənədlərə məhəl qoymur.
Xocalıdan olan məcburi köçkün, hadisələrin şahidi Vəli Musayev ermənilərə əsir düşən həmkəndlilərinin faciəli ölümündən ürəkağrısı ilə danışmış, əmisi oğlunun diri-diri başının kəsildiyini qeyd etmişdir. Astanadakı “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Vidadi Ağayev, tələbə Elgün Səmədov, məktəbli Laçın Həsənov və başqaları ermənilərin xalqımızın başına gətirdikləri vəhşilikləri lənətləmişlər.
İştirakçılar Xocalı faciəsini əks etdirən şəkillərdən ibarət stendlərə və soyqırımı ilə bağlı kitablara baxmış, bu haqda sənədli filmə tamaşa etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana