Astarada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir
Astara, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da qanlı 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən mərasimdə azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri “Şəhidlər” abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 22 il əvvəl qanlı Yanvar günlərində qızıl qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildirmişdir. Bu faciəyə siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri yüksək qiymətləndirilmişdir.
Tədbir rayon mədəniyyət evində davam etmişdir.
Mərasim iştirakçıları mədəniyyət evinin foyesində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm və kitab sərgisi ilə tanış olmuş, sənədli filmə baxmışlar.
Tədbirdə bildirilmişdir ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri də astaralı olmuşdur. Onlar rayonun Balaca Şahağac kənd sakini, iki uşaq atası Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.