Astarada yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl tədbirlər görülür
Astara, 6 iyul, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə yol infrastrukturu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Astarada yol infrastrukturunun yenilənməsi ilə bağlı Astara rayonunda həyata keçirilən layihələrdən danışaraq bildirib ki, avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir. Astara-İran sərhədi avtomobil yolu hazırda Astara şəhərinin içərisindən keçməklə vətəndaşlara narahatlıq törədir. Digər tərəfdən yükburaxma qabiliyyəti aşağı düşür”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq bu istiqamətdə işlərə start verilib. Astara şəhərinə girmədən rayonun ərazisindən İran Respublikasının sərhədinədək yeni magistral yolun çəkilişi davam etdirilir. Layihə çərçivəsində, həmçinin Astaraçayın üzərində avtomobil körpüsünün tikintisi də nəzərdə tutulub. Layihənin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Astara rayonunda uzunluğu 11,6 kilometr olan və beş yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda yenidənqurma işləri aparılır.
Astara şəhərinin ayrı-ayrı küçələrində və yollarında əsaslı təmir işlərinin aparılması diqqət mərkəzindədir. Şəhərin 28 May küçəsinə 1250, Əhəd Muxtarov və Mirzə Rəhimov küçəsinə 2000, Ziya Bünyadov küçəsinə 3000, Səməd Vurğun küçəsinə 2000, Aydın Məmmədov və Nizami ilə 28 May küçəsinin qovşağına 1500, Qum küçəsinə 3150, Şah İsmayıl Xətai küçəsinə 650 kvadratmetr asfalt döşənib.
Ərçivan qəsəbəsindəki 4 nömrəli məktəbə gedən yola 25, qəsəbədəki şəhid Bəxtiyar Əliyevin adını daşıyan küçədə 250 kvadratmetr yol asfaltlaşdırılıb, uşaq bağçasına gedən 500 metr yol yenidən təmir edilib.
Kijəbə qəsəbəsinə daxil olan Lovayn yaşayış massivində 400 metrlik yeni yol çəkilib. Bu vaxtadək asfalt örtüyü olmayan qəsəbədə daxili yola ilk dəfə asfalt döşənib. Kijəbə-Maşxan yolunda başlanılmış asfaltlaşdırma işləri yekunlaşdırılıb. Qəsəbənin Füzuli küçəsində sel sularından qorunmaq, Azərbaycan küçəsində qrunt sularının axıdılması məqsədilə arxlar çəkilib.
Hazırda rayonun Şahağac kəndində 3000, Siyakü ərazi nümayəndəliyinə daxil olan Siyəkeş kəndində 2000 və Pensər bağçasına gedən yola 1400 kvadratmetr asfalt yolun çəkilməsi davam etdirilir.