ATATÜRKƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun, Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycanda Atatürk Mərkəzinin və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən sərgidə ulu öndər Atatürkün həyatına, dövlət quruculuğu və siyasi fəaliyyətinə həsr edilmiş 100-dən artıq kitab təmsil olunmuşdur. Onların arasında “Atatürkün həyatı və əsəri”, “Atatürk yolu”, “Lətifə xanım” (Atatürkün ömür-gün yoldaşı) və sair kitablar diqqəti xüsusilə cəlb edir.
Sərgidə Azərbaycanda Atatürk Mərkəzinin bu böyük şəxsiyyətin 125-illiyi münasibətilə nəşr etdiyi “Mustafa Kamal Atatürk və türkçülük”, Eldar İsmayılın “Türkün xilaskarı”, Səfalı Nəzərlinin “Müdrik Atatürk”, Natiq Məmmədlinin “Atatürk bizimlə”, Akkan Suverin “Sarı yarpaqlar mövsümü” və başqa kitablara da maraq böyükdür.
Milli kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov, Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı sərginin açılış mərasimində çıxış edərək, Atatürkün müdrik şəxsiyyət, dövlət qurucusu, cəsarətli sərkərdə kimi öyrənilməsində və təbliğində bu kitabların əhəmiyyətindən danışmışlar. Qeyd olunmuşdur ki, Atatürk haqqında yüzlərlə kitab, qəzet və jurnal məqaləsi dərc edilsə də, onun öyrənilməsinə hələ böyük ehtiyac vardır.