ATF-in vitse-prezidenti: Himnimizin Fransa paytaxtında səsləndirilməsi üçün bütün vacib şərait yaradılacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında son aylarda medal qazanan taekvondoçular, parataekvondoçular və onların məşqçiləri ilə görüş keçirilib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATF-in vitse-prezidenti Hikmət Səmədov müxtəlif yaş qrupları üzrə komandaların rəsmi və beynəlxalq turnirlərdə inamlı çıxışını xüsusi vurğulayıb.
Görüş iştirakçılarına ATF prezidenti Kəmaləddin Heydərovun təbriklərini çatdıran vitse-prezident bildirib ki, dünya çempionatından sonra komanda yaxşı toparlanıb. O, ardıcıl qazanılan uğurların ardının növbəti yarışlarda da gələcəyinə inam ifadə edib.
H. Səmədov taekvondoçulardan və parataekvondoçulardan, müvafiq olaraq “Paris-2024” Yay Olimpiya və Yay Paralimpiya Oyunlarında uğur gözlədiyini, Azərbaycan Himnini Fransa paytaxtında səsləndirmək üçün bütün vacib şəraitin yaradılacağını deyib.
Vitse-prezident Nağı Səfərov komandalarının əvvəlki imicini yenidən geri qaytarmaq üçün səylə çalışmalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2014-2017-ci illərdə qazanılan nailiyyətlər yenidən təkrarlanacaq və taekvondo ölkədə bir nömrəli idman növünə çevriləcək. Bunun üçün komandalarda potensialın olduğunu bildirən N. Səfərov taekvondoçuların “Paris-2024”də yeni tarix yazaraq “Rio-2016”dakı qələbə sevincini yenidən təkrarlamaq gücündə olduğunu vurğulayıb. O, son yarışlarda öz sözlərini deyən parateakvondoçulardan da Fransada uğur gözlədiyini qeyd edib.
Vitse-prezident Niyaməddin Paşayev qazanılan uğurlara görə hər bir idmançı və məşqçini təbrik edib, onlara növbəti yarışlarda da uğurlar arzulayıb. O bildirib ki, qısa zamanda toparlanaraq medallar qazanan komandaların qələbələri irəlidədir. N.Paşayev “Paris-2024”də Azərbaycan təmsilçilərinin inamlı çıxış edəcəyinə və taekvondoçularla parateakvondoçuların yeni zirvələrə yüksələcəyinə inandığını qeyd edib. Onun sözlərinə görə, bunun üçün hazırlıqlara xüsusi diqqət yetirilməlidir.