ATİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov 19 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin qədim Xocalı şəhərində törətdikləri misli görünməmiş cinayətin XX əsrin ən dəhşətli hadisəsi olmasından, əsrlər keçsə də, o günlərin yaddaşlardan silinməyəcəyindən danışmışdır.
Erməni terrorizminin bəşəriyyət üçün böyük təhlükə olduğunu xatırladan C.Cəfərov bunun qarşısının alınmasının zəruriliyini vurğulamış, bədnam ermənilərin “böyük Ermənistan” yaratmaq xülyası ilə işğalçılıq siyasəti apardıqlarını bildirmişdir. Rektor düşmənin işğal altında saxladığı torpaqlarımızın Prezident İlham Əliyevin apardığı siyasət sayəsində tezliklə azad olunacağına əminliyini ifadə etmişdir.
Bakı Dövlət Universitetinin dosenti, “Xocalı soyqırımı” kitabının müəllifi Boran Əziz bildirmişdir ki, ermənilər bütün beynəlxalq hüquq normalarına qarşı çıxaraq qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək niyyətindən əl çəkmək istəmir, bu yolda bütün cinayətlərə və vəhşiliklərə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. B.Əziz qələmə aldığı kitabda Xocalı faciəsini sənədli faktlarla tarixə həkk etdirməyə səy göstərdiyini qeyd etmişdir.
Tədbirdə Xocalı soyqırımının şahidi, jurnalist Şamil Sabiroğlu, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi Elçin Əhmədov və digər çıxış edənlər mənfur ermənilərin törətdikləri qanlı cinayətlərdən, Xocalı qırğınının dəhşətlərindən bəhs etmişlər.
Tədbir çərçivəsində “Xocalı - qan yaddaşımız” mövzusunda fotosərgi nümayiş etdirilmişdir.