ATU ilə Çinin Daxili Monqolustan Tibb Universiteti arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) dünya ali məktəbləri ilə əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. ATU-nun rəsmiləri ilə Çinin Daxili Monqolustan Tibb Universitetinin nümayəndə heyəti arasında onlayn görüş keçirilib.
AZƏRTAC ATU-ya istinadla bildirir ki, görüşdə universitetin elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov ali məktəbin tarixi, fəaliyyəti, tədris olunan ixtisaslar və digər zəruri bilgilərlə qonaqları tanış edib. Professor R.Bəylərov eyni zamanda ATU-da son illərdə aparılan islahatlar, təhsil səviyyəsi, əcnəbi tələbələrin təhsil şərtləri kimi məlumatları da paylaşıb.
Daxili Monqolustan Tibb Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor Liu Bin rəhbərlik etdiyi təhsil müəssisə barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. L.Bin hazırda 9 minə yaxın tələbəsi olan bu universitetin dünyanın bir çox universitetləri ilə əlaqələr qurduğunu, bundan sonra ATU ilə də əməkdaşlığa başlanılacağına ümid etdiklərini bildirib.
Daha sonra universitetlər arasında əməkdaşlıq istiqamətləri, birgə layihələrlə perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Ortaq elmi araşdırmaların icrası sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində də müəyyən addımların atılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, tədris və elmi-tədqiqat istiqamətlərində qarşılıqlı fəaliyyətin təşkilinin perspektivləri müzakirə olunub.