“AUDİT” jurnalında Auditorlar Palatası sədrinin müsahibəsi dərc edilib
Bakı, 5 mart, AZƏRTAC
Moskvada dərc olunan beynəlxalq elmi-praktiki “AUDİT” jurnalının 2020-ci ilin yanvar nömrəsində Azərbaycan auditinin əldə etdiyi uğurlar və qarşıda duran problemlər barədə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovla geniş müsahibə dərc olunub.
Palatadan AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində Prezident İlham Əliyevin ölkəmizdə auditor sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında 2020-ci ilin 6 yanvar tarixli Sərəncamının Azərbaycan və rus dillərində mətnləri nəşr edilib. Eyni zamanda, jurnalın üz qabığında həmyerlimizin fotoşəkili yerləşdirilmiş nəşrdə professor V.Novruzovun müfəssəl tərcümeyi-halı da əks olunub.
Jurnalda, həmçinin V.Novruzovun yubileyi ilə əlaqədar daxil olmuş müxtəlif beynəlxalq və xarici qurumların rəhbərlərindən təbrik mətnləri çap edilib. Eyni zamanda, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti İn-Kİ-Cunun, Rusiya Federasiyası Özünütənzimləyən Auditor təşkilatlarının “СОДРУЖЕСТВО” Assosiasiyasının prezidenti, idarə heyətinin sədri A.D.Şeremet, həmin assosiasiyanın icraçı direktoru, idarə heyətinin üzvü O.Nosova və vitse-prezidenti V.Çayanın, Litva Auditorlar Palatasının prezidenti İ.Purinenin, Latviya Mühasiblər Assosiasiyasının prezidenti A.Ponomaryovun, Sank-Peterburq Auditorlar Palatasının prezidenti A.Kuznetsovun, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının sədri G.Rusunun, Rumıniya Maliyyə Auditorları Palatasının fəxri prezidenti H.Neamtunun, “Теневая экономика” jurnalının baş redaktoru V.Burovun, Peşəkar Mühasiblər, Samara Maliyyə menecerləri və İqtisadçılar Milli İnstitutunun prezidenti M.Xanjova, fəxri prezidenti D.Yakovenko və direktor V.Kamenskixin, Belarus Maliyyə Nazirliyinin rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırılması mərkəzinin direktoru K.Veliçkoviçin və “AUDİT” jurnalının redaksiya heyətinin təbrikləri dərc edilib.
Professor V.Novruzov Moskvada nəşr olunan “AUDİT” və “Теневая экономика” jurnalının beynəlxalq redaksiya heyətinə üzv seçilib. Hər iki jurnal Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının siyahısına daxil olunan səlahiyyətli jurnallar sırasındadır.