AUDİTORLAR PALATASI BEYNƏLXALQ FEDERASİYAYA ÜZV OLMUŞDUR
Dünyanın 118 ölkəsində fəaliyyət göstərən 159 peşə qurumunu birləşdirən Beynəlxalq Mühasiblər Federasiyası mühasib peşəsi üzrə qlobal təşkilatdır. Federasiyanın məqsədi ictimai mənafelər naminə mühasib və auditorların peşə maraqlarını qorumaq və nüfuzunu möhkəmləndirmək, mühasibat ucotu və audit sahəsində beynəlxalq sistemlərin inkişafını təmin etməkdir. Federasiya maliyyə (mühasibat) hesabatı və audit üzrə beynəlxalq standartlar işləyib hazırlayır və bütün dünyada tətbiqinə nail olur. Üzv qurumlarda təmsil olunan mühasib və auditorların peşə- ixtisas hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl iş aparır.
Beynəlxalq Mühasiblər Federasiyasına üzv olan hər hansı təşkilat bu qurumun nəşrlərindən pulsuz istifadə etmək, onun internet səhifəsində yerləşdirilən və müntəzəm olaraq təzələnən materiallardan yararlanmaq, habelə federasiyanın xətti ilə keçirilən beynəlxalq təcrübə və ixtisasartırma tədbirlərində iştirak etmək hüququ qazanır.
Azərbaycan auditorlarının təmsilçiləri bu ilin payızında Beynəlxalq Mühasiblər Federasiyasının xaricdə keçiriləcək illik şura iclasına dəvət almışlar.