AVROPA BANKI BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ İŞTİRAK EDƏCƏK
Gürcüstan Prezidenti Eduard Şevardnadze milli radioya müsahibəsində bildirmişdir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində iştirak edəcəkdir. Bankın sərmayələrinin məbləği 400 milyon lari (təxminən 200 milyon dollar) olacaqdır.
Prezident demişdir: “Neft kəməri layihəsinin həyata keçirilməsində Avropa bankının iştirakı maliyyə cəhətdən və ekoloji baxımdan bu kəmərin etibarlılığına təminat verir”. Prezident bildirmişdir ki, neft kəmərinin Gürcüstandan keçən hissəsinin tikintisinə dair işləri əlaqələndirmək üçün ölkə Prezidenti başda olmaqla hökumət komissiyası yaradılacaqdır. Prezident nəzərə çarpdırmışdır ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin Direktorlar Şurası ilə birlikdə neft kəmərinin Gürcüstan hissəsinin tikintisinin planı işlənib hazırlanacaqdır. Bu plan ətraf mühitin mühafizəsi üzrə yüksək beynəlxalq standartlara cavab verəcək və Gürcüstan şirkətlərinin, yerli əhalinin neft kəmərinin yaradılmasına və ona xidmət edilməsinə qoşulmasını maksimum nəzərə alacaqdır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Prezident vəd etmişdir ki, qeyri-hökumət təşkilatları və ictimaiyyət Bakı-Tbilisi-Ceyhan layihəsinin bütün tərkib hissələrinin işlənib hazırlanmasına, ilk növbədə, Avropada ən iri milli parklardan birinin yerləşdiyi Borjomi bölgəsinin tam ekoloji təhlükəsizliyinin təmin edilməsi işinə fəal cəlb olunacaqdır.