Avropa İttifaqı ölkələrinin anbarlarına rekord miqdarda qaz vurulub
Bakı, 26 dekabr, AZƏRTAC
Ötən həftənin sonuna Avropa İttifaqı ölkələrinin anbarlarına qaz vurulması anbarlardan mavi yanacaq götürülməsi prosesini iki dəfə üstələyib və bu dövr üçün rekord göstərici müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, dekabrın 23-də Avropa İttifaqının anbarlarına 158 milyon kubmetr qaz vurulub və 169 milyon kubmetr qaz çıxarılıb. Dekabrın 24-də anbarlara vurulan mavi yanacağın həcmi 206 milyon kubmetrə yüksəlib, qaz götürülməsi isə 91 milyon kubmetrə enib.
Temperaturun iqlim normasından yüksək olması regionda qaz istehlakının nəzərəçarpacaq dərəcədə azalmasına və qiymətlərin kəskin ucuzlaşmasına səbəb olub. İsitmə mövsümü başladığı noyabrın 14-dən bəri Avropa İttifaqı ölkələri anbarlardan 15,21 milyard kubmetr qaz götürüb. Hazırda Avropadakı qaz anbarlarının 82,98 faizi (89,82 milyard kubmetr) doludur. Bu, son beş ilin analoji dövrü üçün orta göstəricidən 11,25 faiz yüksəkdir.
Dekabrın sonlarında Avropanın bir çox ölkəsində havanın temperaturu iqlim normasından yüksək olacaq. Həmçinin qarşıdan gələn Yeni il həftəsinin də isti keçəcəyi proqnozlaşdırılır. Eyni zamanda, Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı həftə ərzində 20 faizdən çox olub.