Avropa İttifaqının dəstəyi ilə tvinninq layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Bakı, 21 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində videokonfrans formatında növbəti komitə iclası keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, iclasda rezident tvinninq müşaviri Gintaras Lapinskas layihənin ikinci rübündə həyata keçirilən Azərbaycanda qida təhlükəsizliyi və fitosanitar nəzarət sahələrində bir sıra qanunvericilik layihəsinin hazırlandığı və ya nəzərdən keçirildiyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri üçün “Pestisid qalıqları və mikotoksinlərin analizi” mövzusunda təlimin təşkil edildiyi, AQTA-da mövcud IT məlumat toplama sisteminin təhlili və tövsiyələrin verildiyi haqqında məlumat verib. Gintaras Lapinskas görüləcək işlər sırasında ümumi 10 qanunvericilik layihəsinin hazırlanması və ya nəzərdən keçirilməsi istiqamətində işlərin davam etdirilməsi, AQTA-nın risklərin dəyərləndirilməsi üzrə işçilərinin, AQTİ-nin laboratoriya mütəxəssislərinin və müfəttişlərinin təlimlərə cəlb edilməsi, müvafiq təlim turlarının təşkil olunmasının iş planına daxil olduğunu bildirib. İclasda AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva tvinninq layihəsi çərçivəsində görülən işləri müsbət qiymətləndirib və bunun ölkəmizdə qida təhlükəsizliyinin təmin olmasına töhfə verəcəyini vurğulayıb. Daha sonra layihənin İdarəetmə Komitəsinin növbəti görüşünün keçirilməsi, gələcək fəaliyyətlərin təşkili kimi məsələlərə dair geniş müzakirələr aparılıb.
Qeyd edək ki, tvinninq layihəsinin keçirilməsində məqsəd ölkəmizdə qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir. Layihə çərçivəsində milli qida qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə daha da uyğunlaşdırılması, bitki mühafizə vasitələrinə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, təkmilləşdirilmiş qanunvericilik əsasında qalıq monitorinq proqramlarının hazırlanması, həmçinin IT əsaslı fitosanitar informasiya sisteminin hazırlanması nəzərdə tutulub.