Avropa Olimpiya Komitəsi Azərbaycan rəhbərliyi ilə işləməkdən olduqca məmnundur
Bakı, 27 aprel, AZƏRTAC
“Bakı-2015” bütün ölkənizin əməyi və səyləri sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki
aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimindəki çıxışında səsləndirib.
Cənab Patrik Hikki Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını çatdıraraq deyib: “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Avropa Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, bu məşəl çox mühüm ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq.