Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb
Bakı, 20 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Sosial Xidmətlər Agentliyinin nümayəndələrindən ibarət heyət Avropa Sosial Şəbəkəsinin 34-cü Avropa Sosial Xidmətlər Konfransında iştirak edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Maltanın Valletta şəhərində “Körpülərin qurulması – Sosial xidmətlərə beynəlxalq baxış” mövzusunda keçirilən konfransın məqsədi rəqəmsal transformasiya, sosial inklüzivlik, inteqrasiya olunmuş qayğı modelləri istiqamətində qlobal çağırışların müzakirə edilməsi, sosial xidmətlər sahəsində əldə edilən yeniliklərlə bağlı təcrübə mübadilələrinin aparılmasıdır.
Tədbir çərçivəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Avropa Sosial Şəbəkəsinin baş icraçı direktoru Alfonso Lara Montero, habelə müxtəlif ölkələrdən olan təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycanda son illər aparılan sosial islahatların nailiyyətləri, DOST modelinin üstünlükləri və uğurları diqqətə çatdırılıb. Habelə ölkəmizdə sosial xidmətlər sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində atılan addımlar, həssas əhali qrupları ilə bağlı sosial dəstək tədbirləri barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində keçirilən layihə forumunda Fərid Məmmədov Vahid Əlaqələndirmə Mərkəzlərinin fəaliyyətinə dair “Şərəflə xidmət edir, qayğı ilə birləşirik” adlı təqdimatla çıxış edib.
Həmin mərkəzlərdə şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə 6 istiqamət üzrə 26 xidmətin "bir pəncərə"dən təqdim edildiyi, xidmətlərdən vətəndaş məmnunluğunun 98,7 faiz olduğu vurğulanıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi 2021-ci ildən, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyi 2023-cü ildən Avropa Sosial Şəbəkəsinin üzvüdürlər.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2021-ci ilin mart ayından həmin təşkilatın Şura üzvü, 2023-cü ilin dekabr ayından isə Himayədarlar Şurasının üzvü seçilib.