Avropa Universitet Oyunları: Azərbaycanın futzal komandası beşinci yeri tutub
Debretsen, 18 iyul, AZƏRTAC
Azərbaycan İdman Akademiyasının futzal komandası Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, turnirdə Macarıstan, Almaniya, Polşa, Fransa və Çexiyanı məğlub edən kollektiv 1/4 finalda İspaniya ilə qarşılaşıb. Rəqib 3:3 hesablı bərabərliklə bitən görüşün penaltilər seriyasında qalib gəlib.
Bununla da Avropa Universitet Oyunlarında Azərbaycanın futzal komandası tarixində ilk dəfə 5-ci yeri tutub.
Qeyd edək ki, yarışda ümumilikdə 44 qol vuran Azərbaycan təmsilçisi öz qapısından yalnız 15 top buraxıb.