Avropa Voleybol Konfederasiyasının prezidenti Azərbaycan yığmalarının üzvləri ilə görüşüb






Bakı, 25 aprel, AZƏRTAC
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Azərbaycanın gənc qız və oğlanlardan ibarət milli komandalarının oyunçuları və məşqçiləri ilə görüşüb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a bildirilib ki, CEV rəhbəri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan toplantıda uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra federasiyanın icraçı direktoru Vüqar Hüseynzadə AVF-də görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.
Tədbirdə AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme bildirib ki, federasiyada məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil edilir.