Avstriyada 3 lokdaun pərakəndə ticarətə 8,5 milyard avro zərər vurub
Vyana, 5 yanvar, AZƏRTAC
Koronavirus pandemiyası başlayandan bəri Avstriyada 3 dəfə sərt karantin rejimi tətbiq olunub və bu vəziyyət indiyədək pərakəndə satışla məşğul olan ticarət obyektlərinə 8,5 milyard avro zərər vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə araşdırmaları Lints şəhərində yerləşən Yohannes Kepler Universiteti təqdim edib. Araşdırmada göstərilib ki, sərt karantin rejiminin hər 3 dalğasında pərakəndə ticarətlə məşğul olan sahibkarlar 8,5 milyard avro vəsait itiriblər. Qeyri-qida sektoruna aid dövriyyəni özündə ehtiva edən bu araşdırmada sərt karantin rejiminin yanvar ayının sonunadək qüvvədə qalacağı təqdirdə, dəyən zərərin həcminin 9,1 milyard avroya yüksələcəyi də qeyd edilib.
Universitetin ekspertləri hesab edirlər ki, ölkədə ticari obyektlərin bağlı qaldığı hər həftə ümumilikdə 600 milyon avro mal dövriyyəsinin itkisi deməkdir. Araşdırma müəllifləri Xristof Teller və Ernst Qittenberqer bildiriblər ki, ticarət obyektlərinin bağlı olması əhalidə nəqd vəsaitlərin qənaət edilməsi (əmanət formasında) ilə yanaşı onlayn ticarətin inkişafı trendlərini də gücləndirib. Onlayn ticarətin bazarda özünü möhkəmləndirməsi istehlakçıların gələcəkdə stasionar ticarətdən uzaqlaşmasına şərait yarada bilər. Yaxın illərdə onlayn ticarətlə rəqabət aparmaq iqtidarında olmayan şirkətlərin bazarı tərk etməyə məcbur olması Avstriyanın pərakəndə ticarət strukturunu davamlı şəkildə dəyişdirəcək, bu isə ilk növbədə əhalinin sıx olmadığı regionlarda təminat çətinlikləri yaradacaq.
Müəlliflər, həmçinin qeyd ediblər ki, pərakəndə ticarətin onlayn ticarət tərəfindən sıxışdırılması iş yerlərinin itirilməsi ilə yanaşı şəhərlərdəki əsas ticarət küçələri və mərkəzlərinin zəifləməsi, şirkətlərin, kiçik və orta sahibkarların iflas girdabına yuvarlanması ilə müşayiət olunacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana