Avstriyada COVID-19-dan sağalanların ümumi sayı hazırda xəstə olanların sayından çoxdur
Vyana, 13 aprel, AZƏRTAC
Avstriyada koronavirusa yoluxma nəticəsində COVID-19-a yoluxanlar arasında sağalma halları sürətlə artır. Aprel ayının əvvəlindən etibarən hər gün üzrə sağalanların sayı yoluxanların sayından yuxarı olub.
AZƏRTAC xəbər verir ki, bu tendensiya öz növbəsində ümumi statistikaya da müsbət təsir göstərib. Aprelin 12-də ilk dəfə olaraq ölkədə COVID-19 xəstəliyindən sağalanların sayı (6987 nəfər) aktiv xəstələrin sayını (6557 nəfər) ötüb.
Avstriyanın Federal Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hazırda virus daşıyıcısı olan xəstələrin təxminən min nəfəri xəstəxana şəraitində, digərləri isə ev şəraitində müalicə alırlar.
Səhiyyə naziri Rudolf Anşober bu uğurlu göstəricinin əldə olunmasında nizam-intizamlı rəftar nümayiş etdirdiyinə görə ilk növbədə ölkə əhalisinə minnətdarlıq edib. O, virusa qarşı mübarizədə ilk mərhələdə hökumətin əsas hədəflərindən birinin xəstəxanalarda reanimasiya şöbələrinin yüklənməməsi olduğunu və bu məqsədə uğurla nail olunduğunu bildirib. Nazirə görə, ikinci mərhələdə, yəni aprelin 13-dən etibarən kiçik ticarət obyektlərinin fəaliyyətə başlaması ilə əlaqədar əhali diqqətli və ehtiyatlı olmalı, yoluxma sayının yüksəlməsinə imkan verilməməlidir.
Avstriya Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, 25 mart - 6 aprel aralığında Avstriyada virusa yoluxma üzrə effektiv reproduksiya sayı 0,87 olub. Bu da onu göstərir ki, həmin dövr ərzində virus daşıyıcısı olan bir şəxs bir nəfərdən də az adamı yoluxdurub.
Qeyd edilməlidir ki, indiyədək Avstriyada yoluxanların rəsmi sayı 13942 nəfər olub, onlardan 368 nəfəri xəstəliyin fəsadları nəticəsində həyatını itirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana