Avstriyanın dövlət nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olmuşdur
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, bu ölkənin iqtisadiyyat, ailə və gənclər nazirliyinin enerji və mədən departamentinin direktor müavini Artur Maurer və Leoben Montan Universitetinin neftin istehsalı və emalı şöbəsinin müdiri Herbert Hofstatter Bakı Ali Neft Məktəbində (BANM) olmuş, kollektivlə görüş keçirmişlər.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov da iştirak etmişdir.
Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq məlumat vermişdir ki, BANM-nin yaranmasında əsas məqsəd transmilli şirkətə çevrilmiş, istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda fəaliyyətini genişləndirən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanmasıdır. Məktəbə ən yüksək təhsil göstəricilərinə malik tələbələrin qəbul olunduğunu deyən rektor yaxın gələcəkdə müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləmişdir.
Daha sonra rektor məktəbin beynəlxalq əlaqələrinə toxunaraq qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbi Avstriyanın təhsil və tədris sisteminə böyük maraq göstərir. BANM Avstriyanın neft-qaz və kimya sənayesi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələri qurmaq və onların təcrübələrindən yararlanmaq niyyətindədir. Məlumat verilmişdir ki, bu məqsədlə Avstriyanın Azərbaycandakı səfirliyi və ARDNŞ-in Avstriyadakı nümayəndəliyi vasitəsi ilə bir sıra danışıqlar aparılmışdır. Bu danışıqların nəticəsi olaraq, Avstriyanın neft, kimya sənayesi üzrə nüfuzlu Leoben Montan Universiteti ilə əməkdaşlığa dair razılıq əldə edilmişdir.
Görüşdə çıxış edən Artur Maurer vurğulamışdır ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik ölkədir. Avstriyanın şərqində böyük neft yatağının olduğunu bildirən A.Maurer diqqətə çatmışdır ki, il ərzində ölkədə 1 milyon ton həcmində neft hasil edilir. Ölkədə kimya sənayesi də sürətlə inkişaf etməkdədir və Mərkəzi Avropanın ən böyük kimya kompleksi Vyanada yerləşir. Hər iki dövlətin neft-kimya sahəsində uğurlu təcrübəyə malik olduğunu qeyd edən qonaq bu bilik və təcrübələrdən qarşılıqlı şəkildə faydalanmağın əhəmiyyətindən danışmışdır.
Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç demişdir ki, Avstriya hökuməti Azərbaycanla təhsil sahəsində əlaqələrin qurulmasında maraqlıdır. Səfir bu baxımdan Bakı Ali Neft Məktəbi ilə Leoben Montan Universiteti və digər təhsil mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə dəstək olacağını vurğulamışdır.
Görüş iştirakçılarına Leoben Montan Universiteti haqqında ətraflı məlumat verən universitetin neftin istehsalı və emalı departamentinin rəhbəri, professor Herbert Hofstatter qeyd etmişdir ki, təmsil etdiyi təhsil ocağı BANM ilə bir çox layihələr çərçivəsində əməkdaşlığa hazırdır.
Azərbaycanda müasir standartlara cavab verən, Bakı Ali Neft Məktəbi kimi ali təhsil ocaqlarının açılmasından qürur duyduğunu deyən ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov nümayəndəliyin BANM ilə Avstriyanın neft-kimya sahəsində fəaliyyət göstərən mərkəzləri ilə əlaqələrin qurulmasına istənilən dəstəyi verməyə hazır olduğunu söyləmişdir.
Daha sonra Bakı Ali Neft Məktəbi ilə Leoben Montan Universiteti arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılmışdır.