Avstriyanın keçmiş federal kanslerinə qarşı cinayət işi açılıb
Vyana, 19 avqust, AZƏRTAC
Avstriyanın keçmiş hökumət rəhbəri və Avstriya Xalq Partiyasının (ÖVP) sədri olmuş Sebastian Kurtsa qarşı məhkəmə işi açılıb.
AZƏRTAC xəbər verir ki, iki il əvvəl tutduğu bütün siyasi vəzifələrdən istefa verən S. Kurtsa qarşı uzun müddətdən bəri cinayət işinin açılacağına dair mətbuatda ehtimallar səsləndirilsə də, prokurorluq orqanları indi hərəkətə keçiblər. S. Kurts “İbiza“ qalmaqalı ilə bağlı aparılan parlament istintaq komissiyası qarşısında dövlətə məxsus Avstriya Holdinq Səhmdar Cəmiyyətinin (ÖBAG) planlarına nə dərəcədə müdaxilə etdiyinə dair yanlış ifadə verməkdə ittiham olunur. Onunla birlikdə məhkəmə qarşısına daha iki nəfər çıxarılacaq.
Cinayət İşləri üzrə Vyana Əyalət Məhkəməsində oktyabrın 18-də başlayacaq məhkəmə prosesində dövlət maraqlarını İqtisadiyyat və Korrupsiya üzrə Prokurorluq təmsil edəcəkdir. Dövlət holdinqinin işinə müdaxilə etməsi isbat olunacağı halda S. Kurtsu üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Keçmiş kansler indiyədək otuz nəfər şahidin öz ifadələrində onun günahsız olduğunu təsdiqlədiklərini bildirib. Buna baxmayaraq məhkəmə işinin açılmasından narahat olmadığını qeyd edən keçmiş siyasətçi, nəhayət məhkəmə qarşısında günahsız olduğunu sübut edəcəyini və bu yolla da ona qarşı mediada və eyni zamanda hüquqi müstəvidə mövcud ittihamları puça çıxaracağını bildirib.
Qeyd edək ki, S. Kurts Avstriyada qısa zamanda karyera pillələrində yüksələn və eyni sürətlə də enən siyasətçi kimi tarixə düşüb.
2003-cü ildə Avstriya Xalq Partiyasının (ÖVP) gənclər qoluna daxil olan S. Kurts 2008-2012-ci ildə ÖVP gənclərinə sədrlik edib. 26 yaşında inteqrasiya məsələləri üzrə dövlət katibi vəzifəsinə yüksələn gənc siyasətçinin karyerasında növbəti post 2013-cü ildə xarici işlər naziri vəzifəsinə təyin edilməsi olub. 2017-ci ildə ÖVP partiyasının sədri kimi seçkilərə qatılan 31 yaşlı S. Kurts partiyasının qələbəsinə nail olaraq, ölkə tarixində ən gənc kansler kimi koalisiyalı hökuməti qurmaq üçün mandat alıb. Sağçı-radikal Avstriya Azadlıq Partiyası ilə koalisiyalı hökumətdə qalmaqallar, xüsusilə də “İbiza” qalmaqalı və siyasi rəqiblərinə qarşı mübarizə metodları S. Kurtsu siyasi karyerası bitdikdən sonra da təqib edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana