Avtomobil Yolları Dövlət Agentliyində dezinfeksiya işləri aparılır
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə qurumun tabeliyində olan bütün MMC-lərin inzibati binalarında, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, zallarda, dəhlizlərdə, pilləkənlərdə, foyelərdə xüsusi dərmanlanma işləri görülür. Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə də tədbirlər görülür.
Agentliyin əməkdaşları tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları ilə bağlı məlumatlandırma işi həyata keçirilir.