Axı müxtəlif sarkisyanlara, saakyanlara, sukasyanlara xəbərdarlıq edilmişdi ki, Azərbaycan xalqının səbri hədsiz deyil
Bakı, 15 noyabr, AZƏRTAC
1988-ci ildə Yerevanda və SSRİ-nin digər şəhərlərində müxtəlif şovinistlər Qarabağ kartını ortalığa atanda heç kəs güman etməzdi ki, bu münaqişə illər boyu uzanacaq, on minlərlə insanın həyatına son qoyacaq, bir milyondan çox insan qaçqın vəziyyətinə düşəcək, bir neçə min nəfər isə itkin düşmüş hesab ediləcək.
O vaxtdan neçə illər keçib. İndi aşkar olur ki, məkrli “siyasətçilər” bu münaqişəni uzun illər boyu, bəlkə də əsrlər boyu uzatmağı, hətta onu daha da genişləndirib müharibə həddinə çatdırmağı nəzərdə tutublarmış...
Bütün münaqişələrin ssenariləri bir-birinə oxşayır. Əvvəlcə müxtəlif iqtisadçılar, politoloqlar, tarixçilər səhnəyə çıxır, ən müxtəlif vasitələrlə əsaslandırmaq istəyirlər ki, əgər başqa dövlətin müəyyən hissəsi “müstəqil” olsa, orada firavanlıq yarana bilər. Sonra saqqallı və saqqalsız “döyüşçülər” peyda olub, silah gücünə “azadlıq” qazanacaqları barədə hədə-qorxu gəlirlər. Onlara silah verilir, bu silah meymunun əlindəki qumbaraya çevrilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında da hər şey belə oldu. Müxtəlif aqanbekyanlar, igityanlar, starovoytovalar, bonnerlər, balayanlar bütün dünyaya car çəkdilər ki, azərbaycanlılar qaniçən, ermənilər isə sülhsevər xalqdır. Danışıqlar masası arxasındakı söhbətlər çox çəkmədi və ilk qurbanlar yarandı.
1994-cü ildə atəşkəs haqqında razılıq əldə edilənə qədər bu münaqişədə təkcə Azərbaycan tərəfindən 20 mindən çox adam həlak olub, minlərlə insan itkin, bir milyondan çox sakin qaçqın vəziyyətinə düşüb. Bəs uşaqların, qocaların, qadınların qatillərinin cinayət yoldaşları sayıla biləcək başabəla siyasətçilər, jurnalistlər nəyə nail oldular?! Heç nəyə! Belə siyasətçiləri heç kəs xatırlamır, normal cəmiyyətdə onlarla əl tutub görüşmürlər, bəziləri artıq o dünyadadır.
Bu günlərdə Ermənistan silahlı qüvvələrinə məxsus bir helikopter beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı haqda bütün normalarını pozaraq öz torpağını qoruyan Azərbaycan əsgərlərinin mövqelərinə hücum edib. Ordumuzun hərbi qulluqçuları bu helikopteri vurublar.
Bundan dərhal sonra dünyanın müxtəlif dövlətlərinin paytaxtlarında Azərbaycanı təmkinli olmağa çağıran bəyanatlar səslənir, Ermənistan isə ümumiyyətlə bu hərəkətə amansızcasına cavab verəcəyi barədə hədə-qorxu gəlib. Bəs ermənilər Qarabağ səmasında, özü də içərisində dinc sakinlər olan bir neçə helikopteri vuranda həmin ölkələr hara baxırdı?! Nə üçün 2014-cü il noyabrın 11-də ermənilərdən heç kəs soruşmurdu ki, sizin helikopterlər nəyə görə başqa dövlətin ərazisi üzərində dövrə vururlar?
Azərbaycan öz rəhbərinin dili ilə dəfələrlə xəbərdarlıq edib ki, xalqın səbri hədsiz deyil. Azərbaycan hərbi qulluqçularını sərt cavab tədbirləri görməyə təhrik etmək lazım deyil. Qarabağdakı və Ermənistandakı ermənilər üçün yeganə yaxşı çıxış yolu işğal olunmuş torpaqları azad etməkdir.
Azərbaycan hələ səbr edir və qarşı tərəfin daimi təhriklərinə yalnız cavab verir. Lakin onun səbri hədsiz deyil.